| "Azadlıq" Bloku Sədrlər Şurasının növbəti toplantısı keçirilib |
|
Bu gün "Azadlıq" Bloku Sədrlər Şurasının növbəti toplantısı keçirilib. İclasda ilk olaraq "Azadlıq" Blokunun növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müzakirə edilib. Müzakirələrin yekunu olaraq blokun növbəti mərhələ üçün fəaliyyət istiqamətləri əks olunan sənəd qəbul olunub. Toplantıda "Azadlıq" Bloku Məclisinin komissiyalarının yaradılması məsələsi də müzakirə mövzusu olub. Ölkədə insan haqları ilə bağlı ciddi problemlərin yaranmasını nəzərə alınaraq, insan haqları komissiyasının təcili olaraq fəaliyyətə başlaması qərara alınıb. Toplantıda əsas müzakirə mövzularından biri də blokun yerli təşkilatlarının formalaşdırılması məsələsi olub. Bu istiqamətdə artıq üç zona müşavirəsi keçirilib. "Azadlıq" Blokunun ölkənin problemlərini ictimai müzakirəyə çıxarmaqla bağlı planları barədə də fikir mübadiləsi aparılıb. Martın 28-də blokun "Neft gəlirləri: səmərəlilik və şəffalıq" mövzusunda təşkil etdiyi elmi-praktiki konfransın ictimaiyyətdə rezonansa səbəb olduğu nəzərə alınaraq bu cür tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb. Aprelin 21-də keçiriləcək növbəti konfrans sahibkarlıqla bağlı problemlərə həsr olunacaq. İclasda sözügedən tədbirə hazırlıq məsələləri də müzakirə olunub. Aprelin 14-da isə Blokun Məclisinin iclasında Qarabağ konsepsiyasının hazırlanması və blok yanında ictimai palatanın yaradılması müzakirə ediləcək. |
4.04.2006 |