"XURAL" qəzeti
5 yanvar 2003-ci il
KİŞİ KİMİ QADIN
Qarlı bir qış axşamı Yasəmən Ariflə birlikdə Bakını zülmətə çevirən lənətullah Parapula lənət oxuya-oxuya yollandıq Lalə xanımın hələ tanımadığımız evinə. Onunla mənim görüşüm də ilk dəfə olacaqdı və bu görüş bir çox baxımlardan mənim üçün əhəmiyyət daşıyırdı. 1996-cı ildə "Böyük Gələcək" jurnalı üçün Lalə xanımdan müsahibə almaq istəmişdim və o zaman da Əvəz Temirxan əngəli ilə qarşılaşmışdım. Nə qəribədir, 6 il sonra bu hadisə Lalə xanımı da üzür və əsəbiləşdirirdi.
Narahat idim. Evdə işıqlar yanmırdı. Heç bilmirdim ki, Lalə xanımın evində işıq olacaqmı? Həm də 16 dekabr tərs kimi ad günüm idi və mən görüşü təyin edəndə bu tarixə heç əhəmiyyət verməmişdim. Vaxtı dəyişmək də olmazdı. Beləcə, köməkçi ilə əlaqə saxladıq və məlum oldu ki, bizi "oxrana" qarşılayacaq. Lənət sənə kor şeytan, bu zəhrimar "oxrana" da haradan çıxdı? Lalə xanım da belə? Və bizi çox da təbii olmayan, görüşü tərk edəndə görmədiyimiz "oxrana" adlanan bir cavan qarşıladı.
...İlk dəfə idi ki, belə bir auraya düşürdüm. Əzəmətli və möhtəşəm bir xanım. Əl verib görüşürük. Dəmir kimi əlləri var. Hələ bir az sıxanda incə və zərif qadın əli olmadığını fərq edirsən. Oturan kimi ad günümü təbrik edir. Köməkçi bunun ardınca dərhal müxtəlif konfetlər və iri bir şokolad qutusu gətirir. Və iş tərsinə cərəyan etməyə başlayır. Bu dəfə sanki müsahibə götürən Lalə Şövkətdir. Qarşısında bir iri dəftər var. Ad familiyamı soruşur. Harada anadan olubsan, harada oxuyubsan, hansı qəzetlərdə işləmisən. Mən deyirəm, O yazır. Qeydlərini aparır, beynini məşğul edən soruları ard-arda soruşur. Əvvəlcə ciddi bir əsəbilik keçirdim, sonra xoşuma gəldi. Ona görə ki, bu qadın bütün etiket normalarından əlavə, həm də səmimi və isti söhbət etmək istəyirdi.
...Əlində təsbehi var. Amiranə bir tərzdə oynatdığı təsbehlə, əlində karandaş oynadan və bütün əsəbiliklərini onunla çıxardan Mir Cəfər Bağırova bənzəyir. Çünki hiss edirdim ki, önəmli və toxunaqlı məqamlarda təsbehlə oynayır. Siqaret çəkir Lalə xanım. Bu da söhbətimizin daha effektli alınmasına yardımçı oldu. Mənim də siqaret çəkməyim fikirlərimi daha dolğun ifadə edə bilməyim deməkdi. Çox qapalıdır. Indiyə qədər gördüyüm siyasilərdən fərqli olaraq, reklamı sevmir, qapalılığı özü istəyir. Sanki bu da bir proqrammmış kimi danışır və tez-tez populyar olmağı istəmədiyini deyir. Bu da ziddiyyətli fikirlər daşıdığının göstəricisidir. 2000-ci il seçkiləri Onu bir daha inandırıb ki, nə qədər qapalı olsa, o qədər yaxşıdır. Amma unutduğu bir şey var ki, bu taktika həmişə uğur gətirməyə bilər. Yəni kütləviliyi istəməmək, ucdantutma "reklamı sevmirəm" deyib yaxasını hər şeydən kənara çəkmək sözün bütün mənalarında kütləviləşməmək deməkdir və Azərbaycan xalqı buna o qədər də aşina deyildir.
...Lalə xanım həm hakimiyyətin, həm də müxalifətin özü demiş, "iç üzünə" bələddir. Əslində, seçkilərdə Ona gələn səslər məncə, bunun göstəricisi idi, nəinki qapalı qalmağın. Hər tərəfdən məsafədə dayanmaq, ifrat bir siyasətbazlığın və iyrənc bir inhisarlaşmanın qurbanına çevrilməmək üçün bəlkə də haqlıdır. O, iddia edir ki, saziş bağlayıb anlaşandan sonra müttəfiqləri Ona qarşı 200-dən çox məqalə yazdırıblar. Bu, qorxunc və vahiməli bir iddiadır və reaksiya doğurmur, cavab verilmirsə, Lalə xanım haqlıdır. O zaman da bir zamanlar əməkdaşlıq etdiyi siyasətbazlar abırları olsa, gərək başlarına kəndir keçirələr. Səbəb də aydındır, sal qayalar kimi doğru bir həqiqət var. nə iqtidarda, nə də müxalifətdə sağlam qüvvələr söz sahibi deyillər. Hər nə qədər Lalə xanım dərhal fikirləşib müxalifəti bir az təmizə çıxarmağa çalışdısa, bu, daldan atılan daş təsiri bağışladı. Görünür, özünün də etiraf etdiyi kimi, hamı ilə "küsmək" istəmirdi və bu məqam Onu elə hamı ilə eyniləşdirirdi. Axı, nə vaxta qədər bu "hamı" zəhrimarı başımızın üstündə Domokl qılıncı kimi asılıb qalacaqdı?
...Lalə xanım "gündə çıxış etsəydim, mənə qulaq asan olmazdı" deyir. Bəlkə haqlıdır, amma bu günkü gündəki siyasətbazlara nisbətən haqlıdır. Hər gün çıxış etmək lazımdır və Azərbaycan xalqı hər gün bir nəhəng fikir və əməlin şahidi olmalıdır. Bu millət yorulmaz və qarışqalar kimi o nəhəng fikirlərin icrasına yönələr, yoxsa təbii ki, bu cüvəllağıların içində millət doğrunu da yalan qəbul edir. Ideya oğrularının olduğunu da Lalə xanım dolayısı ilə təsdiq etdi. Fərmanlarını açıqladığı məqamda ilk 100 fərmanını dərc etməyə hazır olduğumu bəyan etdim. Verdiyi cavab siyasətimizin həm də plagiatların əlində əsir-yesir oldununun dəlaləti idi. Bu faktın üstündə düşünməyə dəyər.
...Daxili və xarici siyasətdə kifayət qədər korrektdir. Vaxtımız az idi. Iki qoşa səhifəlik müsahibədə illər boyu yığılıb qalan problemlərin həlli ilə bağlı istənilən suallara cavab tapmaq imkanlarımız məhdud idi. Bunu bilirdim. Ancaq Lalə xanım ciddi söhbətlərə maraqlı siyasi fiqurdur. Bunu da bildim. Əsas sualları eşidən kimi qələm götürüb, qarşısındakı bizim sorğu-sualımızı apardığı kağıza cızma-qaralar edirdi. Suallara çox geniş və mənim nəzərdə tutduğumdan artıq vaxt ərzində cavablar verməyi də bəzi suallara heç toxunmamağıma səbəb oldu. Ancaq "əvvəlcə mənəviyyat, sonra siyasət" prinsipini axıra qədər qoruyan bu daş kimi möhkəm qadın xəyallarımda təsəvvür etdiyim Azərbaycanın konturlarından xəbərdar idi. Bu da mənə xüsusi zövq verirdi. O, Azərbaycanın inzibati ərazi bölgüsündən tutmuş, paytaxtına qədər müəyyən suallara verdiyi cavablardan hiss olunurdu ki, bu dəmir qadın nəsə bir şey qurmaq istəyir. Izlədiyim qədəri ilə bəzi məsələlərə ilk dəfə idi ki, toxunurdu. Yox, bu, bir görüş öncəsi aparılan hazırlıqlara bənzəmirdi. Amma ciddi əndişələrim də yarandı. Paytaxt məsələsində Lalə xanım qeyri-müəyyən cavab verdi. Prinsip etibarı ilə razılaşdığım cavab məni ona görə qane etmədi ki, paytaxtın hara ola biləcəyini dəqiqləşdirə bilmədim. Gəncəmi, Bərdəmi? Siyasətdə ya, ya da... prinsipi ola bilməz. Olmamalıdır. Gərəkdir ki, Lalə xanım onu da hazır şəkildə dəqiqləşdirsin. Seçicilərimiz tələbkar və ağıllıdır. Onlara dəqiq bir şey söyləmək lazımdır. Bu əcnəbilərin başıma açdığı "siyasi dustaqlar" qalmaqalına da çözüm ağılıdır. Onlar əfv edilə bilər, ancaq siyasətlə məşğul olmamaq şərti ilə. Bitdi bu məsələ.
...Ciddi şəkildə fərqindədir ki, hansı dövlətin başına gəlmək istəyir və bu dövlətin siyasətinə kimlər nə qədər müdaxilə etmək iqtidarındadır. Ona görə də beynəlxalq məsələlərə baxışı əvvəlki namizədlərdən dəqiqliyinə görə xeyli fərqlənir. Milli-mənəvi problemlər, təhsil və səhiyyəyə gətirdiyi açıqlamalar önəmlidir. Ancaq Türkiyənin hərbi bazaları, tarixi şəxsiyyətlərimizə baxış və düşüncələri tam açılmamış qaldı. Elə hesab elədim ki, Lalə xanımda 50-60 və ya 80-100 il əvvəl yaşamış siyasi xadimlərimizə mifləşdirilmiş kor-koranə sevgi, hətta etiqad var. Bu dövləti son 100 ilin olan və olmayan ənənələri üzərində qurmaq olmaz və tarixi məqamlarda da dəqiqləşdirilməsi lazım olan çox şey var. Lalə xanım bir çox başqa məsələlərdə olduğu kimi, bu suallara da qapalıdır deyə fikirləşmək məni qorxutmağa başladı.
...Bu söhbətin məni və bütün məmləkəti maraqlandıran, mətbuatın baş məsələsinə çevrilən bir əsas məqamı var. Lalə Şövkət bizə deyir ki, mən prezident kürsüsünə oturduğum müddətdən iki il sonra Dağlıq Qarabağ məsələsini həll edəcəyəm. Davam edir... deyir ki, iki il içində etməsəm, istefa verib gedəcəyəm. Bax, bu, əhəmiyyətli şeydir. Qarşıdakı da Lalə Şövkətdir. Bu fikri xəfifə almaq olmaz. Dırnaqarası baxmaq da olmaz və mən elə düşünürəm ki, bu il bu fikrin üstündə qurulacaq. Ən yaxın zamanlarda Heydər Əliyevin özü də buna reaksiya verməlidir və verəcək. Başqa iddialıların ilan vuran ala çatıdan qorxduğu kimi qorxduqları bu müddət məsələsini Lalə xanım dəldi və sonunu da göstərdi. Istefa edəcək! Bu, qoç döyüşüdür. Və mən bu döyüşün əbədi və əzəli başlanğıcını gözləməyə başladım artıq.
...Dözümsüz liderdir. Bir çox suallara ümumiyyətlə, açıq deyil. Yazdığımız anonsdakı "matriarxat" məsələsi az qala bir qəzet səhifəsi həcmində müzakirələrə səbəb oldu. Və hətta arada ümumi sistemimin pozulduğunu, müsahibənin alınmadığını hiss etdim. Yaxşı ki, canımı birtəhər bu sualın əlindən qopara bildim. Mən bütün müsahiblərimi bir neçə sual kateqoriyası üzrə "sınaq"dan keçirirəm. Burada əyləncəli suallar da, çətin və əsəbiləşdirici suallar da olur. Bu işin qaydası budur. Lalə xanım özünə xoş gəlməyən, düşüncələrini ifadə etməyən bütün sualların cavablarını verməkdən qətiyyətlə imtina edir və bircə cavab verir: "Mənə yaraşmır". Bu da məni əsəbiləşdirici bütün suallarımı elə yazdığım dəftərimdə də saxlamağa məcbur etdi. Bu minvalla Lalə xanım istədiyi sualdan imtina edə bilər. Ancaq seçici üçün çox maraqlıdır ki, Lalə xanımın stabil və etibarlı ailə məsələsinə baxışı necədir? Qadınların indiki durumundan məmnundurmu? Bu Dubay cəhənnəminə gedən minlərlə qadının bu yola düşməsinin səbəblərini nədə görür və çıxış yolları necədir? Siyasətin ən normal hadisəsi qadın siyasətçilərin həmkarlarına müraciət etməsindədir ki, O da bunu etmədi. Cins məsələsinə əsla toxunmayan Lalə xanım, problemi insan və hüquq müstəvisində dəyərləndirdi. Amma həmən-həmən bütün məsələlərə baxışında da "bir ana kimi" yarlığını yapışdırmaqdan çəkinmir. Sırf verəcəyim sualın cavabı kimi hələ kişiləri ittiham da edir ki, "kişiləri gördük də..." Bu, əslində qadınlara birbaşa və total müraciətdir.
...Nə etdiyinin fərqində olan bir dövlət adamıdır. O da beynəlxalq güc faktorundan çəkinir. Liberal dəyərlərlə aşağıdan-yuxarıya heç bir əlaqəsi yoxdur. Lalə Şövkət sırf bir milliyətçidir. Həm də Türk Dünyası və Türk Millətinə Anatürk olacaq qədər irəli düşüncələrə sahib bir milliyyətçi. Ona görə də, bu qənaətə gəldim ki, Onun partiyasındakı "liberal" sözündən başqa, heç bir şeyi liberal deyil.
...Mətbuata qarşı xüsusi dözümsüzdür və bu adəti Onu sovet dövrünün ən qati liderlərindən fərqləndirmir. Yeni cəmiyyətin yeni adamlarını başa düşmək və onların ən əndrəbadi suallarını dözüm və təmkinlə dinləyib cavab verməkdən başqa çarə yoxdur. Lalə xanım mətbuatla işləməyi öyrənməli və mətbuatın inkişafı üçün böyük işlər görməyi öhdəsinə götürməlidir. Buna görə önəmli və əhəmiyyətli bir fərmana daha ehtiyac var. Yoxsa, ən yaxın zamanlarda bu dözümsüzlük Ona çox baha başa gələ bilər.
...Verilməyən suallar yığınının altında 3 saata qədər söhbətləşdik. Bəzi hallarda işıqlar "marqat" belə elədi. Bəzi suallarda diktofonu söndürüb kənar söhbətlər də elədik və qarşımdakı adamın dediyi hər şeyin nə qədər ciddi olduğunu öz-özümüzdə əminliklə yəqin etdim.
...Sonda qəzetimizdə Seymur Baycanın Türkiyə haqqında yazdığı yazılara münasibət bildirdi. Sərt və qəti idi. Mərdi-mərdanə etiraf elədi ki, əgər prezident olsaydım, qəzetini bağlayar, özünü isə həbs edərdim. Bununla da mətbuat haqqındakı proqramına bələd oldum. Zatən onu "kompromislərə gedən adam deyiləm" deyəndə hiss etmişdim. Mənim yerim dəqiq məlum oldu.
...Mənə qalırsa, mən bütün bu xırda-para şeyləri, əhəmiyyətsiz detalları, qadın olub qadınların problemlərindən danışmayacaq qədər Kişi kimi olan Lalə Şövkətin bu natamamlıqlarını bağışlamağa və həzm etməyə hazıram. Təki Qarabağ haqqında dedikləri həqiqət olsun. Təki ən ciddi sıxıntı və təzyiqlərin içindən çıxıb dediklərini eləsin.
Qoy Lalə xanım Qarabağı azad eləsin, mən Onun həbsxanasında olmağa hazıram.

Əvəz Zeynallı