"Respublika" qəzeti
Avqust - Sentyabr 2003-cü il
AZƏRBAYCAN SİYASƏTİNİN "POLAD" İRADƏLİ XANIMI - LALƏ ŞÖVKƏT HACIYEVA

Mənəviyyat üzərində qurulan siyasət, hər şeydən üstün olan ləyaqət, hakimiyyətin və siyasətçinin ali vəzifəsi olan millətə xidmət onun həyat fəlsəfəsinin əsas siyasi prinsipləridir.

"Hər insanın bir dayaq nöqtəsi var. O ya daxili, ya da zahiri əlamətlərlə bağlıdır. Mənim dayaq nöqtəm daxili dəyərlər sistemimlə, daxili konstitusiyamla, əqidəmlə, belə demək olarsa, özəl fəlsəfəmlə bağlıdır". izünüdərkin ali nümunəsi olan bu fəlsəfi fikirlərin mənasını dərindən dərk etmək üçün ondan açar kimi istifadə edərək qeyrətli Azərbaycan övladı, ictimai-siyasi xadim və filosof Lalə Şövkətin daxili aləminə varmaq lazım gəlir.

Hələ 10 il əvvəl, 1993-cü ilin iyulunda dövlət katibi vəzifəsinə təyin olunarkən televiziya və mediada özünün həyat yolunu və həyat fəlsəfəsinin əsas prinsiplərini cəmiyyətə bəyan edib. Millətin qürurunun bizim hər birimizin ləyaqətindən keçdiyini, siyasətin məhz mənəviyyat üzərində qurulmasının vacibliyini və hakimiyyətin ali vəzifəsinin millətə xidmət etməkdən ibarət olduğunu dönə-dönə xatırladıb. Sözlərini əməli fəaliyyəti ilə təsdiqləyib. Yüksək postda işlədiyi qısa müddət ərzində heç nədən və heç kimdən çəkinməyərək cəmiyyətdəki haqsızlıqlara "hakimiyyətin yuxarı eşelonlarında kök salmış korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparıb.

1993-cü ildə belə bir hadisə hamının xatirindədir. Lalə xanım neft sahəsində korrupsiyanın izinə düşərək dövlət katibi kimi Qazax rayonunda olarkən Azərbaycandan Ermənistana yanacaq göndərilməsi faktını yerindəcə aşkarlayır.

İndinin özündə də çoxlarımız Lalə Şövkətin "Qırmızı körpü" adlanan nəzarət-buraxılış məntəqəsinə gəlişini, dövlət strukturlarındakı mafioz qrupların himayə etdiyi məmurlara kəskin, ittihamedici sözlərini, cəsarətli addımlarını unutmamışıq.

Dövlət katibi həmin dövrün son 3 ilində ölkəmizdən xarici banklara 700 milyon dollar pul qoyulduğunu da aşkarlamış, daha sonra çörəyin qiymətinin artırılmasına qarşı çıxaraq, istifadəyə yararsız silah alveri ilə məşğul olanların cəzalandırılmasının tələb etmişdi. Məsələ o həddə çatmışdı ki, prezident seçim qarşısında qoyulmuşdu: - Ya məni. Ya onları. Dövlət vəzifəsində çalışanların böyük əksəriyyətindən fərqli olaraq Lalə xanım öz sözünü qətiyyətlə deməyi, mövqeyini müdafiə etməyi bacardı. Bu, həyatın mənasını düzlükdə, həqiqətdə və öz millətinə əvəzsiz xidmətdə görən vətənpərvər bir insanın cəmiyyətdəki özbaşınalıqlara, dövlət strukturlarına soxulan mafioz qruplara qarşı üsyan idi. Çünki o, pulun və gücün bütün qanunları üstələdiyi bir cəmiyyəti dövləti üçün təhlükə sayırdı.

Lalə Şövkət bu günün özündə də cəmiyyətimizdə hər şeyin pul ilə ölçüldüyündən təəssüfləndiyini gizlətməyərək Dantenin bəşəriyyətə vəsiyyətini unutmamağı tövsiyə edir: "Pulu hər şeyə qadir hesab edən adamlar özləri pul üçün hər şeyə qadirdilər", Azərbaycanda isə bütün dəyərlər, hətta insani münasibətlər pulun köləsinə çevrilib.

O heç vaxt öz əqidəsinə xəyanət etməyib. Nə vaxt ki, seçim əqidə - vəzifə, əqidə - var-dövlət, əqidə - şan-şöhrət arasında olubsa, həmişə əqidəsini üstün tutub.

1993-cü ilin 14 dekabrında yazdığı istefa ərizəsində oxuyuruq: "... hakimiyyətin ali eşelonu hər yerdə və hər zaman dövlət üçün, millət üçün etalon olub. Bu gün təəssüf ki, biz bunu deyə bilmərik. Hakimiyyətin gücü onun mənəvi dövlət nüfuzunda, qazandığı ehtiramda, danılmaz ləyaqətindədir. Bu meyarı hələ heç kim ləğv etməyib". 1993-cü ilin dekabrında yüksək dövlət postundan istefa verdikdən sonra ona təklif olunan bir çox yüksək vəzifələrdən, o cümlədən Milli Məclisin sədrliyindən, ölkəmizin BMT-dəki daimi nümayəndəsi postundan, Bakının mərkəzində 6 otaqlı mənzildən imtina edərək öz prinsiplərinə sadiqliyini nümayiş etdirib.

Lalə Şövkət Hacıyevanın fikrincə, dövlət hər şeydən əvvəl əxlaq və ədalət təsisatıdır. Ədalətsizlik hökm sürəndə əxlaqi və mənəvi dəyərlər sistemi alt-üst olur. Bunun məntiqi nəticəsi kimi insanların dövlətə, hakimiyyətə inamı itir.

Lalə xanım deyir: "Ali nemət olan müstəqilliyin əsas meyarı insandır! Və bu insan öz inamını itirəndə, onun bütün dəyərlər sistemi dağıdılanda, o artıq öz həyatının tamaşaçısına çevrilir. Onu öz həyatının iştirakçısı etmək, vətəndaş kimi tərbiyə etmək dövlətin borcudur. Dünyanı tərəqiyyə aparan sivil ölkələrdə hakimiyyət ağılla mənəviyyatın vəhdətini təşkil edir. O ağlın ki, mənəvi dayağı yoxdur, həmin ağıl millət üçün faciədir. O mənəviyyat ki, ağılla tamamlanmır, səmərəsizdir".

Lalə xanımın hər bir sözündə, fikrində dərin məntiq və dərin fəlsəfə var. O çox haqlı olaraq qeyd edir ki, dövlət başçıları gəlib-gedirlər, müharibələr, inqilablar baş verir, amma hər bir millətin onurğa sütunu olan milli dəyərlər sistemi onu millət kimi yaşadır. Məhz onun üzərində millət formalaşır, mətinləşir və yaşayır. O onurğa sütunu sınsa, məhv edilsə, millət həmin an kütləyə çevrilər.

Lalə Şövkət Hacıyevanın düzlük, həqiqət və saflıqdan yoğrulmuş daxili aləminə, özünün obrazlı şəkildə dediyi kimi, daxili konstitusiyasına və özəl fəlsəfəsinin sirlərinə vardıqca onda böyük və güclü siyasətçiyə, müdrik dövlət xadiminə xas olan bütün müsbət keyfiyyətlərin cəmləşdiyinə, vəhdət təşkil etdiyinə bir daha qəlbən, səmimən inanırsan. O, yüksək intellekti, dərin erudisiyası, geniş və hərtərəfli dünyagörüşü, millətinə sədaqəti, vətənpərvərliyi, millətsevərliyi və fitri istedadı ilə siyasət olimpinin uca zirvəsini fəth edə bilib.

Lalə xanım tibb, fəlsəfə və huquq elmləri doktorudur. Bir çox elmi araşdırmaların müəllifidir. Müsahibləri ilə istənilən mövzuda söhbət aparmağı, dərin elmi-fəlsəfi diskussiyalara girməyi və auditoriyanı ələ almağı, valeh etməyi bacarır. O alim, görkəmli ictimai-siyasi xadim, millətinə qəlbən bağlı olan bir insandır. Kişilərin əksəriyyət təşkil etdiyi siyasət aləmində qətiliyi, polad iradəsi, həddən artıq düzlüyü, qüvvəsi və sözü üzə şax deməsi ilə seçilir.

Dünyanın görkəmli siyasi xadimləri onun intellektinə, dərin elmi savadına, bacarığına yüksək qiymət verir və heyranlıqlarını gizlətmirlər. Təsadüfi deyil ki, Lalə Şövkət Hacıyevanı daha çox Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerlə müqayisə edir və onun Azərbaycan siyasətinin "Dəmir ledi"si adlandırırlar.

Lakin Lalə xanım ona xitab edilən "dəmir ledi" şablonundan xoşlanmır. "Dəmiri asanlıqla əymək olur, deyir". Biz isə ona "polad iradəli xanım" deyirik. Çünki poladı heç zaman əymək olmaz. Yalnız sındırmaq olar. Lalə Şövkət isə yeganə siyasi liderdir ki, ona hər iki tərəf - həm iqtidar, həm də müxalifət güclü təzyiq edir. Bütün güclü təzyiqlərin müqabilində isə polad iradəli xanım nəinki sınmır hətta zaman keçdikcə o daha da qranitləşir və möhtəşəm olur.

Lala Şövkət Hacıyeva Bakı şəhərində əsli-nəcabətli bir ziyalı ailəsində anadan olub. Uşaq yaşlarından ona böyük müstəqillik verilib. Bu ailədə mənəviyyat hökm sürürdü. Hər axşam şer oxuması, pianoda muğamların ifası, müzakirələr açılması adi normaya çevrilmişdi. Yeddi yaşlı qız S.Vurğunu, üç il sonra isə H.Cavidi oxuması ilə ətrafındakiları heyrətləndirirdi. 12 yaşlı o artıq fəlsəfə ilə maraqlanmağa başlamışdı. O, fəlsəfənin ecazkar dərinliklərindən özü üçün çox şey əxz edə bilirdi.

Lalə xanım 1968-ci ildə Azərbaycan Tibb Institutuna daxil olmuş. Hələ tələbə ikən ilk elmi əsərlərini dərc etdirmişdir. 1974-cü ildə institutu bitirdikdən sonra Respublika Səhiyyə Nazirliyi tərəfindən Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına göndərilir.

İnternaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Bu sahədə Sovet İttifaqında ən gənc alim olmuşdur.

37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyası müdafiə edərək SSRI-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RF-nın Elmi Tədqiqat Mərkəzinin səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir.

Moskva dövründə Lalə Şövkət ilk növbədə elitar intellekt dünyasına daxil olur. Elmlərin birləşdiyi vahid elmlər yarandıqca o da sürətlə buna yiyələnir. Elə buna görə də filosof onu filosof, həkim onu həkim, kimyaçı onu kimyaçı, hüquqçu onu hüquqçu, fizik onu fizik kimi qəbul edir. Lalə Şövkət bu gün nəinki Azərbaycanda, eləcə də dünyada çox az olan ensiklopedik-analitik intellektlərdən biridir. Təsadüfi deyil ki, o, 1991-ci ilə rəsmi olaraq Rusiyanın Sosial-siyasət Konsepsiyasının hazırlanması işinə cəlb edilmişdir. O, Moskvada yaşadığı dövrdə bir sıra yüksək vəzifələrə irəli çəkilmiş, fəlsəfə və hüquq doktoru fəxri adlarına layiq görülmüşdür.

Lalə Şövkətin ürəyi həmişə Azərbaycanla birgə döyünüb. Respublikamızda milli azadlıq və demokratik ərəkat hələ yeni mərhələsini yaşayan dövrdə o, nüfuzlu ziyalıların xalqımızın sözünü deməsinə, mövqe nümayiş etdirməsinə çox böyük ehtiyac olduğunu hamıdan əvvəl dərk etmiş və bu istiqamətdə geniş fəaliyyətə başlamışdı. Lalə Şövkətin bu dövrdə özünü tam sərf etdiyi iş üç mühüm istiqaməti - ölkəmiz haqqında obyektiv məlumatların toplanması, təhlili və dünyaya çatdırılması, Azərbaycan demokratiyasının mövcudluğunu təsdiq edən təmsilçilik fəaliyyəti və inteqrasiya xarakteri təşkilati işləri əhatə edirdi.

1990-cı ilin yanvarın 19-da gecə Bakıya və ölkəmizin digər rayonlarına Sovet qoşunu yeridiləndə səhəri günü, Yanvarın 20-də sübh tezdən "SNN"-ə müsahibə verərək həqiqətləri birinci dünyaya çatdırmış və baş vermiş təcavüzü Konstitusiyaya, demokratiyaya və bəşərə zidd hərəkət adlandırmışdır. Yanvarın 20-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində keçirilən mətbuat konfransının əsas təşkilatçısı Lalə Şövkət idi. O bir çox sovet vətəndaşlarını ora gəlib münasibətini bildirməyə inandıra bilmişdi. Türkiyə, Italiya, Ingiltərə qəzetlərinə 20 Yanvarla bağlı müsahibələr vermişdi. Təəssüf ki, indi Lalə Şövkətin bu hadisələrdəki danılmaz tarixi rolunu bilərəkdən kəsib atırlar, yarınmaq naminə tarixi saxtalaşdıranlar onun xidmətlərini heçə endirməyə çalışırlar. Unudurlar ki, hər şeyin qiymətini yalnız tarix özü verir.

1991-ci ildə Lalə Şövkət Moskvada "Azərbaycan Respublikasında Demokratik Islahatlar və Insan hüquqlarının Müdafiəsi Uğrunda Beynəlxalq ictimai-siyasi hərəkat" yaratmışdı. Nümayəndəlikləri Azərbaycanda, bir çox sovet respublikalarında və Avropa ölkələrində fəaliyyət göstərən bu Hərəkat respublikamızın o vaxtki SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilat olmuşdur. Beləliklə o, təşkilatlanmış siyasi işə rəhbərlik etmişdir. Lalə Şövkətin Rusiya mətbuatındakı məqalə və müsahibələrində əsas mövzular Qarabağ münaqişəsi və ölkəmizin müstəqilliyi idi. Həmin dövrdə Azərbaycanda növbəti hakimiyyət dəyişikliyi baş verərkən öz mövqeyini ortaya qoyur. Prezident seçkilərinin deyil, təcili Parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təsis olunmasını həmin anda yeganə məqbul hal kimi irəli sürür. Azərbaycanın demokratikləşməsinin məhz bu yoldan keçdiyini öz tezislərində elmi şəkildə sübuta yetirir.

1993-cü ildə Heydər əliyevin dəvəti ilə Azərbaycana qayıtdıqdan sonra Lalə Şövkət siyasətlə daha fəal məşğul olur. izünün dediyi kimi, insan ləyaqəti, hüquqları, azadlıqları onun üçün hər şeydən üstündür. Məhz buna görə də 1995-ci ildə ilk olaraq liberalizm ideologiyasını və liberal dəyərləri yaratdığı partiya üçün - ALP üçün prioritet edir. Çoxları onda irad tuturdular ki, cəmiyyət hələ liberal dəyərləri mənimsəməyə hazır deyil. Lakin çox keçmədən əksər aparıcı partiyalar öz proqramlarına yenidən baxdılar və liberal ideologiyası onlar üçün də aktual oldu.

Lalə Şövkət Hacıyeva öz borcunu xalqına və insanlığa xidmətdə görür. Onun üçün insan ləyaqəti, qüruru, hüquq və azadlıqları hər şeydən üstündür. "Ləyaqətli insan - ləyaqətli cəmiyyət - ləyaqətli millətdir!" - deyir. Var-dövlət, vəzifə, hakimiyyət insana şöhrət gətirə bilər, lakin ləyaqət gətirə bilməz. Şöhrət ötəri, ləyaqət isə əbədidir. Lalə xanım dünya fəlsəfi fikrinin inkişaf tarixini gözəl bilir. Tez-tez məşhur filosoflara, müdriklərin bəşəri ideyalarına müraciət edərək uzun illər ərzində əxz etdiyi fikirləri milləti ilə bölüşür. Millətini ayıq-sayıq və qürurlu olmağa səsləyir. Azərbaycanın dirçəlişinin qürurdan, dəyanətdən və milli vicdandan keçdiyini dönə-dönə şüurlara yeritmək istəyir. Məsələn, görkəmli filosoflardan "Demokratik quruluş ləyaqətə əsaslanır (Monteskyö): "Dövlətin ləyaqəti onu yaradan şəxsiyyətlərin ləyaqətindən asılıdır (Con Mil) və digər filosoflardan sitatlar gətirən Lalə Şövkət ölkəmizdə demokratik dəyərlərin elmi əsasını qoymağa çalışır.

Lalə Şövkət indiki cəmiyyətə doqmatik ehkamlardan deyil, realllıqlardan baxır. Fəlsəfi müdrikliyi siyasi proseslərə qlobal yanaşma tərzində görür.

"Deyirik ki, demokratik ölkə qururuq. Amma biz hələ demokratiyaya gedirik", - deyir Lalə Şövkət. Və əlavə edir ki, demokratiyanın bir neçə təməl prinsipi var: "liberal dəyərlər, hakimiyyətin bölünməsi və onun qollarının müstəqil olması, ən əsası isə demokratik seçkilərdən keçib, legitim hakimiyyətin formalaşdırılmasıdır". "Kimə lazımdır o söz azadlığı ki, onu eşidən yoxdur". Yaxud, "Azərbaycanda həqiqi bizneslə məşğul olanların sayı əhalinin 1 faizidir". "Orta təbəqə yox dərəcəsindədir". "Orta təbəqə demokratik cəmiyyətin bel sütunu, sabitliyin bünövrəsidir". Yalnız orta təbəqə olan yerdə vətəndaş cəmiyyətindən, demokratiyadan danışa bilərik. Azərbaycanda isə bu gün əhalinin 90 faizi normal qidalana bilmir. Əhalinin aylıq gəlirləri çox aşağı səviyyədədir. Ictimai-siyasi vəziyyət də məhz bunun üzərində qurulur".

Lalə Şövkətin fikrincə, sosial vəziyyəti bu cür ağır olan bir ölkədə əgər müxalifət və iqtidar qarşıdurmaya gedir, düşmənçilik edirsə, sözsüz ki, bu hal sosial partlayışa gətirib çıxara bilər. Hər bir dövrün öz prioriteti var. Əgər 80-ci illərin sonunda, 90-cı illərin əvvəlində millətimiz üçün ən ali məqsəd müstəqillik idisə, indiki dövrümüzü təhlil edərək Lalə Şövkət qəti qənaətə gəlib ki, bu gün üçün prioritet - ən ali məqsəd milli barışığa, milli birliyə nail olmaqdır. O deyir: "Millət bir orqanizmdir, canlı vücuddur və onu içindən parçalayanda, bir-biri ilə üz-üzə qoyanda orqanizmin yaşamasının əsas amili - harmoniyasi, müvazinəti pozulur. Məhz tarazlığın pozulmasına patologiya, yəni xəstəlik deyirlər. Bu gün cəmiyyətimiz xəstədir. Biz, həm bütün ölçüləri, həm davranışda yüz illərlə hökm sürən yazılmamış qanunları, həm münasibətləri pozmaqdayıq. Biz bölünə-bölünə millətimizi regionlara, tayfalara, klanlara, hətta nəsillərə və ailələrə - iqtidara, müxalifətə, iqtidarın öz içində, müxalifətin öz içində parçalandıq". Lalə Şövkət çox düzgün olaraq qeyd edir ki, siyasətdə bu düşmənçilik artıq patoloji nifrətə çevrilib, aqressiv qarşıdurma öz kulminasiya nöqtəsinə çatıb. "Harada düşmənçilik münasibəti varsa, orada nə iqtidar var, nə də müxalifət, yalnız düşmənçilik var. Bu təhlükəli bir məqamdır və onun məsuliyyətini hər bir siyasətçi dərindən dərk etməlidir. Çünki dünyada yaxşı və ya pis, zəif və ya güclü, ləyaqətli və ya ləyaqətsiz, ağıllı və ya cahil millət olmur. Dövlətin yaratdığı yaxşı və ya pis şərait olur. Yaxşı şərait olan yerdə millət də, dövlət də inkişaf edir. Pis şəraitdə isə millət deqradasiyaya uğrayır, dövlət zəifləyir". Lalə Şövkət fikrini belə tamamlayır: "əgər bizim kim olduğumuz milli genezisdən, milli mentalitetdən, milli tariximizdən asılıdırsa, bizim kim olacağımız məhz siyasətdən asılıdır". Bizim bütün taleyüklü problemlərimizin həlli milli barışıqdan, milli birlikdən keçir". Odur ki, Lalə Şövkət daim iqtidar-müxalifət münasibətlərində düşmənçiliyin əleyinə çıxır. "İkisi də mənimdir, ikisi də millətimin övladıdır," - deyir. Təssüf ki, buna görə də həm iqtidar, həm də müxalifət tərəfindən təzyiqlərə məruz qalır.

50 faiz iqtidar, 50 faiz də müxalifət mətbuatı onun əleyhinə yazır. Biri var tənqidə, bunu çox normal qəbul edir, biri var mənəviyyatsız təhqiredici kampaniya... Bax bunu o, heç çür qəbul edə bilmir. Təhqiri mənəviyyatsızlığın və əqli yoxsulluğun, təzahürü sayır. "əvvəlcə mənəviyyat, sonra siyasət olmalıdır", - deyir.

Müdrik siyasi lider kimi hazırda camiyyətimizdə dəbdə olan siyasi və qeyri-siyasi dedi-qodulardan yüksəkdə durur və ona böhtan yağdıranların səviyyəsinə enmir. Siyasi dialoq və polemikaların qarşı tərəfə hörmət və ehtiram mühitində aparılmasını tələb edir.

Lalə Şövkət Hacıyeva bu gün dövlət başçısı olmaq niyyətində, iddiasında və əzmindədir. Əmindir ki, rifahı uğrunda çalışdığı xalqı məhz ona səs verəcəkdir. Prezident xalqın vahidliyinin təcəssümü olduğu üçün o bir partiyanı yox, bütün xalqı təmsil etməlidir. Təəssüf ki, Azərbaycanda bu ənənə hələ də yaranmayıb. Müasir tariximizdə hələ heç kim yaratdığı partiyanın sədrliyindən istefa verməyib. Lalə Şövkət prezidentliyə namizədliyini irəli sürərkən ALP sədrliyindən istefa verərək bu ənənənin də təməlini qoyub. Fikrini belə əsaslandırır: "əgər mənim üçün bu gün əsas prioritet milli barışıq, milli birlikdirsə, mən millətin bir hissəsi olan partiyanın adından yox, onun fövqündə durub müstəqil namizəd kimi bu seçkilərdə iştirak etməliyəm". O, Azərbaycanın problemlərini və onları aradan qaldırmaq yollarını bilir. Mükəmməl proqramı və 30, 50, 100 illik sonranı görməyin vacibliyini vurğulayır: "Bu 5 ildə nə edə bilərəm ki, bu hədəflərə istiqamət eyni olsun, dəyişməsin. Axı, dövlət başçısının həm yaxın, həm də uzaq hərəfləri olmalıdır. 100 il sonranı düşünməsəm, bu istiqaməti qura bilmərəm". Niyəsini də açıqlayır, məntiqi misallar çəkir. "Vaxtilə Nigeriya bizdən çox neft istehsal edib, indi isə başqa dövlətlərdən yanacaq alır. Odur ki, biz belə strateji proqram işləməliyik ki, 40 ildən sonrakı nəsillər də yaşaya bilsin".

Lalə Şövkət təhsil, elm və mədəniyyət vasitəsilə xalqımızın mənəvi inkişafının vacibliyini önə çəkir. Hesab edir ki, xalqın taleyi elmliyi və mənəviyyatı özündə birləşdirən adamların əlində olmalıdır. Həm müxalifətdə, həm də iqtidarda sağlam qüvvələrin olduğunu və əgər Tanrı ilə xalqı imkan verərsə, gələcək hakimiyyəti hər iki tərəfdə olan sağlam qüvvələrin simbiozunda görür.

Müsahibələrin birində söyləyib ki, dövlət başçısı olsam, ilk fərmanlarımdan biri milli ideologiya, milli dəyərlər sistemi ilə bağlı olacaq. Təhsil, siyasət, mədəniyyət milli dəyərlər sistemi üzərində qurulacaq. Azərbaycan milli ideyasının, milli dövlətinin yaradıcıları və başçılarının adını əbədiləşdirilməsinə, onların məzarlarının respublikamıza köçürülməsinə də xüsusi önəm veriləcək. "Çünki milli qüruru və yaddaşı olmayan millət həmişə kölə səviyyəsində idarə olunur". Bunları aradan qaldırmaq vaxtı çoxdan çatıb. Hər millət öncə özünüdərk, sonra isə özünütəsdiq mərhələsini keçməlidir. "Keçmişinə hörmət etməyən millətin isə gələcəyi ola bilməz".

Lalə Şövkət ümumi əfv elan ədəcəyini və bunun onun ilk fərmanı olacağını da bəyan edir. Azərbaycanda peşəkar ordu formalaşdırılması ilə ciddi məşğul olacağını, hərbi doktrina yaradılmasının vacibliyini vurğulayır. Dağlıq Qarabağ münaqişəsinin mahiyətini yaxşı bildiyi üçün iki il içərisində problemi həll edəcəyinə qəti inamı vardır. Status məsələsinə gəlincə, Qərbi Azərbaycana hansı statusu versələr, o statusu da Qarabağa verməyə hazır olduğunu bildirir.

İqtisadiyyatımızı dirçəldəcəyinə və büdcəni birinci ildə "neft fonduna" toxunmamaq şərti ilə 3 milyard dollara qaldıracağına əmindir. Bunun üçün gizli iqtisadiyyatın leqallaşdıracağını söyləyir. Dünyada hakimiyyətin məlum olan iki paradiqmasını xatırladır: "millət naminə hakimiyyət və hakimiyyət naminə hakimiyyət. Məhz birinci yolu tutan siyasətçilər dövlətin tərəqqisinə və xalqın firavanlığına nail olmuşlar".

Onun hər sahədə gözəl və zərgər dəqiqliyi ilə hesablanmış planları vardır. Təbiəti etibarı ilə həyata nikbin baxışlı Lalə Şövkət inanır ki, xalqımızın zəkalı və sevimli liderinə taleyini etibar edəcəyi gün yaxındadır. Hakimiyyət onun üçün məqsəd deyil, yalnız vasitədir. Bunu öz siyasi fəaliyyəti ilə sübuta yetirib. Şərqin görkəmli alimi və filosofu Nəsirəddin Tusi demişdir: "Rəhbərlik o şəxsə yaraşır ki, cəmiyyət xəstələnəndə onu müalicə edə bilsin, rəhbər ölkənin həkimi yerində olmalıdır". Bu gün Azərbaycana hakimiyyət üçün yox, milləti üçün mücadiləyə qalxan Lalə Şövkət Hacıyeva kimi lider gərəkdir.

CAHAN