|
"Azərbaycan" qəzeti Avqust - Sentyabr 2003-cü il |
|
"MƏNİM KOMANDAM - MƏNİM XALQIMDIR!" |
|
Əziz seçici! Biz hamımız seçim qarşısındayıq. Prezident seçimi. Lakin, təkcə prezident seçimi qarşısında deyilik. Biz hər birimizin, ailəmizin, ölkəmizin, Azərbaycan xalqının inkişaf zirvəsinə və yaxud uçuruma aparacaq yollar seçimi qarşısındayıq. Xalqımızın, hər birinizin gələcəyi Sizin ixtiyarınızdadır. Prezidentliyə namizədlər çoxdur. Lakin, onların arasında istəyi ilə imkanı üst-üstə düşənlər, yəni iddialarının arxasında müddəalar duranlar çox azdır. Unutmayın ki, müddəlar öz-özündən yaranmır, onları şəxsiyyətlər yaradırlar. Bir var ŞƏXSLƏR, bir də var ŞƏXSIYYƏTLƏR. Şəxsiyyətlər iddiası ilə müddəasını özündə cəmləşdirənlər, vəhdətləşdirənlərdir. Siz, seçici kimi bu tipli şəxsiyyətlərdən birini seçməlisiniz.. Bu yazı prezident postuna iddiaçılardan biri, vətəndaşların əksəriyyətinin fikrinə görə isə birincisi Lalə Şövkət xanım haqqındadır. KİMDİR LALƏ ŞÖVKƏT? Onu başqalandıran fərqləndirən əsas cəhət təkrarolunmazlığı və bütövlüyüdür. Hər bir insan təkrarolunmazdır, lakin hamıda bu xüsusiyyət qabarıq şəkildə özünü büruzə vermir, büruzə verəndə də ardıcıl olmur. Bəlkə də elə buna görə "palaza bürün elnən sürün" düşüncəsi mentalitetimizi iflic edib. Lalə Şövkət "sürünənlər fəlsəfəsini" rədd edir. O, xalqımızın dirçəlişinin, "hər birimizin ləyaqətindən keçən qürurlu millətə" çevrilməsinin tərəfdarıdır. Və sadəcə tərəfdarı deyil, o millətinin naminə hər zaman öz maraqlarını qurban verən bir liderdir. Digər tərəfdən o, bəzi "dahi ortabablar" kimi "mənəm-mənəm" demir və cığal rəqabəti qəbul etmir. Azərbaycanda nadir yüksək intellekt sahibidir. Bir neçə xarici dil bilir. Iki sahə üzrə elmlər doktoru, professordur. Siyasətə elm kimi yanaşır. Prinsiplərində ardıcıldır. Bağışlaya bilir, lakin vicdanı ilə sövdəyə getmir. Lazım gələndə ən böyük maraqlarını milli mənafeyə tərəddüdsüz qurban verir. Hədsiz səbr sahibidir. Lalə Şövkət 1951-ci il noyabr ayının 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Valideynləri bəy nəslinə mənsub olub. Atası Şövkət Müslüm oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Şövkət bəyin anası Tuğya Xatun Şeyx Şamilin, atası Müslüm bəy Quba xanı Fətəli xanın şəcərəsindəndir. Şövkət bəy (Quranla əsl adı Şamil paşa) 1912-ci ildə Qubada anadan olub. Ali təhsilli tarixçi və ədəbiyyatçı olub. 1930-cu illərin axırında 1940-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinə nail olmağı qarşısına məqsəd qoymuş gizli Xalq Azadlıq Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olmuşdur. 1948-ci ildə bu partiya "MARS" - Müstəqil Azərbaycan Respublikasının Səadət partiyası adı altında fəaliyyətini davam etdirmişdir. 1983-cü il martın 2-də dünyasını dəyişib. Anası - Siddiqə xanım Şıxəlibəy qızı Useynova 1920-ci ildə Bakıda anadan olub. 1950-ci ildə N.Nərimanov adına Tibb Institutunu bitirib, tibb elmləri namizədi, dosent olub. Azərbaycan Səhiyyə nazirliyinin Abbas Səhhət ad. 2 -li Bakı tibb kollecinin yaradıcısı və onun birinci direktoru olmuşdur. Atası Şıxəli bəy 1933-cü ildə vəfat edib. Siddiqə xanımın əmiləri Yusif, Yunus və Rəhman Useynovlar 1917-ci ilədək Rusiyanın müxtəlif universitetlərində ali təhsil almış, "Müsavat" partiyasının üzvü olduqlarına görə 1937-ci ildə Sibirə sürgün edilmişlər. Siddiqə xanım 8 mart 1988-ci ildə dünyasını dəyişib. Uşaqlıqdan atası Lalə Şövkətə Azərbaycan və Şərq klassik ədəbiyyatını, anası Qərb klassik ədəbiyyatını sevdirmişdir. 6-7 yaşında Səməd Vurğunu oxuyan Lalə Şövkət 10 yaşından H.Cavidin əsərləri ilə tanış omuş, daha sonra Füzuli lirikasına böyük meyl göstərmiş və həmişə onların yaradıcılığına böyük məhəbbət bəsləmişdir. Lalə Şövkət uşaqlıqdan milli-aristokratik mühitdə böyümüşdür. Valideyinlərilə ailəvi dostluq etmiş Azərbaycan mədəniyyətinin, elminin və poeziyasının Səttar Bəhlulzadə, Calal Qaryağdı, Lətif Kərimov, Xudu Məmmədov, Nurəddin Rzayev və Bəxtiyar Vahabzadə kimi korifeylərilə elmin, mədəniyyətin müxtəlif sahələrinə dair fikir mübadiləsi yeniyetmə Lalə Şövkətin dünyagörüşünün, milli-mənəvi dəyərlər sisiteminin formalaşmasında mühüm rol oynamışdır. "Insani ünsiyyət baxımından mənimki gətirib. Bəlkə də bəxtimdən idi ki, mən həmişə lap erkən, uşaqlıq çağlarından çox maraqlı adamlar arasında olmuşam. Valideynlərim ziyalı idi, onlar məni dünya mədəniyyəti ilə, Füzuli və Puşkin, Nizami və Şekspir, Höte və Cavid, Dostoyevski, Tolstoy və C.Cabbarlı dünyası ilə, muğamla və Baxla tanış etmişdilər... Yadımdadır, anam Drayzeri bizə, uşaqlara ucadan oxuyardı... Indi mən bu ailə ən`ənəsini 12 yaşlı oğlum Sidqi üçün davam etdirməyə çalışıram. Mənə Azərbaycan Tibb institutunda professor Böyükkişi Mahmudbəyovdan dərs almaq səadəti nəsib olmuşdur. Professor Mirvari xanım Tağıyevanı həmişə çox böyük ehtiramla yada salıram... Tibb institutunun tələbəsi ikən, Universitetdə Azərbaycan ədəbiyyatı tarixinə dair professor Hidayət Əfəndiyevin mühazirələrini azad dinləyici kimi çox böyük marağla dinləmişəm. Sonra mənim həyatıma Səttar Bəhlulzadə, Lətif Kərimov daxil oldular bizi Füzuli poeziyasına dərin məhəbbət birləşdirirdi. Mən Moskvada olarkən Lətif Kərimovla bir birimizə yazdığımız məktublarda bu dahi şairin fəlsəfi təhlilinə cəhd edirdik. O məktubları qayğı ilə, əziz yadigar kimi qoruyub saxlayıram. Moskvada dünya şöhrətli böyük tibb alimləri Vladimir Vladimiroviç Vinoqradovla, Aleksandr Aleksandroviç Vişnevski, Aleksandr Demixov, Yelena Loginova və digər məşhur alimlərlə ünsiyyətim həyatımda silinməz izlər qoyub. Fikir düşüncələrini, hiss və zəkalarını yüksək qiymətləndirdiyim bu şəxsiyyətlər mənim daxili aləmimi zənginləşdirmişlər. Mən onların hamısına minnətdəram, ona görə ki, mənə özləri ilə ünsiyyətdə olmaq xoşbəxtliyini bəxş etmişlər. Mən də, öz növbəmdə, doğma xalqıma bu ağır məqamda, bu çətin vaxtda öz bilik və təcrübəmlə səmimiqəlbdən, təmənnasız xidmət etməyə hazıram" ("Bakı" qəzeti, 10 iyul 1993-cü il). Atası Şövkət bəy yarızarafat-yarıciddi qızını "eksperimental uşaq" adlandırarmış, onu nəyisə etməyə heç zaman məcbur etməzmiş, yalnız inandırarmış. 12 yaşında Lalə Şövktət fəlsəfə ilə maraqlanır. 13 yaşında ikən Şövkət bəy öz qızına daxili Konstitusiyasını yazmağı, bu zaman səhvə yol verməməyi və ömrü boyu bu daxili qanununa əməl etməyi məsləhət bilib. Əsas tərbiyə ləyaqət və təhsil üzərində qurulur. Lalə Şövkət musiqi və rəsmlə maraqlanır. Beş yaşından məşhur pyanoçu Bella Davidoviçin şagirdi olur. 14 yaşında onun çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilir. O, Səttar Bəhlulzadədən dərs alır. Şövkət bəy qızı 16 yaşına çatdıqda öz adını ona bağışlayır və o zamandan pasportda adı "Lalə-Şövkət" kimi yazılır. Bununla Azərbaycanın dövlət müstəqilliyi uğrunda gizli mübarizə aparan Xalq Azadlıq partiyasının yaradıcılarından və rəhbərlərindən biri Şövkət bəy Hacıyev-Xəlifəbəyli ali məqsədi "Qürurlu Millət, Zəngin Dövlət, Bütöv Məmləkət!" olan mənəvi varisi, Azərbaycan prezidentliyinə namizəd Lalə Şövkətə sanki siyasi xeyir-dua verib. Orta məktəbdə oxuyarkən Lalə Şövkət Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutuna diplomat olmaq arzusu ilə yazdığı məktubuna cavab alır ki, qızları yalnız iqtisadiyyat fakultəsinə qəbul edirlər. 1968-ci ildə 189 nömrəli orta məktəbi bitirən Lalə Şövkət M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinə daxil olmaq istəyir, lakin atası onu 16 yaşında tək Moskvaya buraxmır. Həmin il o, N.Nərimanov adına Tibb Institutuna daxil olur. Eyni zamanda o Bakı Dövlət Universitetinin filologiya fakultəsində professor Hidayət Əfəndiyevin Azərbaycan ədəbiyyatının tarixinə dair mühazirələrinin azad dinləyicisi olur. Tibb Institutunda oxuyarkən Lalə Şövkətin cərrahlığa dair elmi əsərləri artıq dərc olunur. O, tələbə ikən Sovet Ittifaqının elmi mərkəzləri olan Moskvada, Kiyevdə və digər respublikalarda ümumittifaq tələbə elmi konfranslarda müvəffəqiyyətlə elmi mövzularda çıxış edir. Rus sektorunda təhsil alan Lalə Şövkət institutda oxuyarkən Azərbaycan dilində Cəfər Cabbarlının əsərlərini səhnələşdirir. Hətta bu tamaşaları Mərkəzi tibb işçilərin Evində keçirməyə müvəffəq olub. O vaxt bu tamaşalara baxan respublikanın Xalq artisti Möhsüm Sənani Lalə Şövkəti imtahansız rejissorluq fakültəsinə dəvət etmişdir. Lakin, Lalə Şövkət həkim-cərrah olmağı üstün tutmuşdur. 1974-cü ildə Tibb Institutunu əla qiymətlərlə bitirərək cərrah ixtisasına yiyələnir və Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən SSRI-nin əsas elmi mərkəzi olan Moskvaya Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilir. Maraqlı haşiyə: Tibb Institutundan evə həkim diplomu ilə qayıdan Lalə Şövkəti anası Siddiqə xanım Qurana and içdirir və ondan söz alır ki, heç zaman heç bir xəstədən nəinki pul, heç gül də almayacaq. Lalə Şövkətin korrupsiyaya, rüşvətə nifrətinin əsasında ana südü ilə düşüncəsinə həkk olunmuş paklıq və anaya verilmiş sözün durduğu şəksizdir. 1975-ci ildə internaturanı bitirdikdən sonra klinik ordinaturanı həmin universitetdə dünya şöhrətli alim akademik V.V.Vinoqradovun rəhbərliyi altında davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə elmlər namizədi dissertasiyasını müdafiə edərək, Sovet Ittifaqında ən gənc cərrah-elmlər namizədi olmuşdur. 1978-ci ildə N.V.Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat Institutunda kiçik elmi işçi kimi fəaliyyətinə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəsisi səviyyəsinədək yüksəlmişdir. 37 yaşında Lalə Şövkət səhiyyənin təşkili və idarəetməsi sahəsində dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək, bu sahədə Soveti Ittifaqının ən gənc elmlər doktoru olmuş və RSFSR-nin Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1991-ci ildə Lalə Şövkət SSRI səhiyyə naziri vəzifəsinə namizədlər sırasına düşür, lakin azərbaycanlı olduğundan bu vəzifəyə təyin olunması baş tutmur. 1991-ci ildə Rusiyanın Baş naziri I.Silayev Lalə Şövkəti sosial siyasət konsepsiyasının hazırlanmasına cəlb edir. Lalə Şövkət RSFSR-nin Ali Sovetinin səhiyyə sahəsində qanunvericilik ekspert qrupuna rəhbərlik edir. Onun rəhbərliyi ilə bir neçə qanun hazırlanır və təsdiq olunur. Lalə Şövkət professordur, 100-dən çox elmi əsərin müəllifidir. Lalə Şövkət fəal siyasətə 1990-cı ilin yanvarında gəlib. Bakıda 20 yanvar qırğınından dərhal sonra Lalə Şövkət Azərbaycan SSR-in Moskvada nümayəndəliyi qarşısında birinci olaraq qanlı yanvar faciəsini CNN televiziyasına müsahibə verərək sovet qoşunlarının dinc azərbaycanlılara qarşı divan tutduğunu bütün dünya ictimaiyyətinə çatdırır, həmin gün mətbuat konfransını təşkil edərək, sovet qoşunlarının törətdikləri vəhşiliklər haqqında dünya mətbuatına geniş informasiya verir. Yanvarın 21-də Lalə Şövkət keçirdiyi 2-ci mətbuat konfransında iştirak edən Sov.IKP MK Siyasi bürosunun keçmiş üzvü H.Əliyevlə tanış olmuş, onun xahişindən sonra zəngin siyasi və idarəetmə təcrübəsindən Azərbaycan naminə istifadə etmək niyyətilə ona siyasi fəaliyyətində intellektual kömək etməyə və onu müdafiə etməyə razılıq verir. Lalə Şövkət öz imkanı çərçivəsində 20 yanvar qırğını haqda həqiqəti SSRI və dünya ictimaiyyətinə çatdırılması üçün aramsız çalışır. 24 yanvarda Türkiyənin "Günaydın" qəzetinə bu qırğın haqda həqiqəti çatdırır, "Moskovskie novosti" qəzetinin əməkdaşları ilə görüşür və sovet mətbuatında ilk dəfə 20 yanvar hadisələri haqda obyektiv informasiyanın dərcinə nail olur. Italiya, Ingiltərə mətbuatına bu haqda müsahibələr verir. 22 apreldə Azərbaycana qərəzli mövqe nümayiş etdirən Leninqrad televiziyasının "Pyatoe koleso" verilişinin Azərbaycana qərəzli münasibətinə etirazını M.S. Qorbaçova, SSRI dövlət telekanalın rəhbəri Nenaşevə və Leninqrad televiziyasının rəhbərliyinə çatdırır. Lalə Şövkət Moskvada, Avropa şəhərlərində dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsinə dair diskussiyalarda erməni ziyalıları ilə qarşılaşmış və gərgin intellektual qarşıdurmada Azərbaycanın mövqeyini ləyaqətlə müdafiə etmişdir. O, dəfələrlə Ermənistandan SSRI xalq deputatı seçilmiş Qalina Starovoytovanı teledebata çağırmışdır. Lakin, Lalə Şövkətin deputat olmadığını bəhanə edərək Q.Starovoytova debatdan boyun qaçırmışdır. Sonralar Lalə Şövkətlə, onun intellekt səviyyəsilə tanış olan Q.Starovoytova: "Mən indi də Sizinlə debata çıxmazdım", - demişdir. Yeri gəlmişkən, 1990-cı ildə Azərbaycanın hakim dairələri Lalə Şövkətin Azərbaycan Ali Sovetinin deputatı seçilməsinə imkan verməmişdilər. Lalə Şövkət ekstremal vəziyyətlərdə ən qətiyyətli və cəsarətli addımlar atmağı bacaran liderdir. 1991-ci ilin avqustunda Moskvada QKÇP (Dövlət Fövqəladə Vəziyyət Komitəsi) qiyamı zamanı A.Mütəllibovun qiyamı dəstəklədiyini bəhanə edərək Rusiya Ali Sovetinin qarşısındakı mitinqdə Azərbaycan əleyhinə təbliğat aparan "müharibə ilahəsi" Yelena Bonnerdən sonra mitinqdə öz 10 yaşlı oğlu ilə iştirak edən Lalə Şövkət milli bayrağımız altında çıxış edərək Azərbaycan demokratlarının "QKÇP" əleyhinə olduğunu, bütün SSRI demokratlarını dəstəklədiyini bildirmiş və Y.Bonneri ifşa etmişdir. Y.Bonnerin çıxışından sonra "Azərbaycana ar olsun!" deyən 100 minlərlə insan Lalə Şövkətin çıxışını "Bravo Azərbaycan!" alqışı ilə qarşılamışlar. Həmin mitinq iştirakçısı olan bir RSFSR AS deputatı Lalə Şövkətin çıxışını belə dəyərləndirmişdir: "Bizimlə Lalə Şövkət danışmırdı, bizimlə bütün Azərbaycan danışırdı!" 1991-ci ildə Lalə Şövkət Sovet Ittifaqının o zamankı görkəmli demokratları E.Şevardnadze, A.Yakovlev, V.Brazauskas, Q.Popov, A.Sobçak və başqaları ilə birgə SSRI-də "Demokratik Islahatlar Uğrunda" Hərəkatın yaradılmasında yaxından iştirak etmişdir. Həmin il o "Azərbaycanda Demokratik Islahatlar və Insan Haqları Uğrunda Beynəlxalq Ictimai-siyasi Hərəkat"ı yaradır və onun sədri seçilir. Bu hərəkat SSRI Ədliyyə nazirliyi tərəfindən qeydə alınmış azərbaycanlıların yeganə siyasi-ictimai təşkilatı idi. Bir çox MDB və Avropa ölkələrində nümayəndəliyi olan bu Hərəkat erməni diasporu ilə mübarizədə mühüm rol oynamışdır. 1992-ci ildə Xocalı qırğınına biganə qalmayan Lalə Şövkət Ağdama gəlir, erməni vəhşiliklərinin nəticələrinin bilavasitə şahidi olur. O, Moskvada akkreditə olunmuş aparıcı ölkələrin diplomatları ilə görüşərək xalqımıza qarşı törədilmiş bu soyqırımı haqda müfəssəl informasiya verir, ölkəmizin haqlı mövqeyini müdafiə etməyə çağırır. 1993-cü ildə Azərbaycanın dövlət katibi vəzifəsinə təyin olunan Lalə Şövkət H.Əliyevin səhv limitinin bitdiyini, 70-ci illərin səhvlərinin təkrarı təqdirdə dövlət postunu tərk edəcək və müxalifətə keçəcəyini bəyan edir. Lalə Şövkət: "Bu gün H.Əliyevin prezident səlahiyyətlərini icra etməsi təbii və qanunauyğundur. Lakin, mən sabah görsəm ki o Azərbaycana zərər vurur, birinci müxalifi özüm olacam" ("Səs" qəzeti, 13 iyul 1993-cü il). Lalə Şövkətin dövlət katibi vəzifəsində fəaliyyəti Azərbaycanda "intellektual partlayış" effektini doğurur və intellektual siyasət erasının əsasını qoyur. Lalə Şövkətlə tanışlıqdan sonra xarici diplomatlar onun dərin və geniş ensiklopedik biliyinə heyran olduqlarını gizlədə bilmirlər. ABŞ-nin Azərbaycanda səfiri Riçard Mayls: "Diplomatik fəaliyyətim dövründə Amerika tarixinə və mədəniyyətinə dərindən bələd olan, demokratiya prinsiplərinə böyük sevgi bəsləyən yüksək səviyyəli belə siyasi şəxsiyyətlə ilk dəfədir ki, görüşürəm. Azərbaycanın yeni dövlət katibinin yüksək intellektual səviyyəyə malik olması, demokratiya prinsiplərinə sədaqətli olması Amerika-Azərbaycan əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəkdir". BMT-nin Azərbaycan Respublikasında səlahiyyətli nümayəndəsi Mahmud əl-Səid Lalə Şövkət haqqında: "Azərbaycanın yeni dövlət katibinin simasında yüksək intellektə və diskussiya səviyyəsinə, iti zəkaya malik bir dövlət adamı ilə söhbətdən böyük məmnunluq duyuram". Fransanın Azərbaycanda səfiri Jan Perren Lalə Şövkətin dünyagörüşünə, Fransa tarixinə dərindən bələd olduğuna heyran qaldığını bildirmiş və qeyd etmişdir ki, Azərbaycandakı dəyişiklikləri legitim, qanuni və insan hüquqlarına uyğun tərzdə həyata keçirə biləcək daha məsuliyyətli şəxslər yeni iqtidarda təmsil olunmuşlar. Dövlət katibi Lalə Şövkət prezident aparatında "dəmir intizam" yaradır, siyasi etiket qaydalarının dünya standartlarına uyğun qaydada təsbit olunmasına nail olur. O, dövlət məmurları üçün yüksək milli-aristokratik davranış etalonuna çevrilir, bütün məmurlardan asket, təvazökar həyat tərzi sürməyi, hər bir dövlət qəpiyinə göz bəbəyi kimi yanaşmağı tələb edir. Qəribə görünsə də ibrətamiz bir fakt dövlət katibi vəzifəsinin icrasına yenicə başlamış Lalə Şövkət eşidəndə ki, onun üçün xüsusi restorandan sifarişlə xörəklər gətirilir, bu praktikaya son qoyur, hətta prezident aparatının yeməkxanasından ona verilmiş çayın, yeməyin, mineral suyun belə pulunu öz məvacibindən ödəyir. O, sutkada 18-20 saatlıq iş rejimində çalışır. Onun biri-birini əvəz edən köməkçiləri bu rejimə çətinliklə dözürlər. Qanlı müharibə şəraitində yaşayan ölkənin səngərdə düşmənlə üz-üzə duran, Azərbaycan əsgərinə ana qayğısı göstərən, məcburi köçkünlərin xilasına, yerbəyer edilməsinə birbaşa cəbhə bölgəsində rəhbərlik edən dövlət katibi isə bəzən həftələrlə evinə dönə bilmir, yeganə övladı ilə görüş üçün belə həftədə 5 dəqiqə vaxt tapa bilmirmiş. Prezident aparatının şöbə müdirlərindən biri xatırlayır ki, Lalə Şövkət tabeliyində olan vəzifəli şəxslərdən öz göstərişlərinin kor-koranə icrasını tələb etməz, aparat işçilərinin özlərinin yaradıcı qaydada düşünməyi, operativ işləməyi, bu və ya digər problemin həlli yollarını müvafiq nazirlik və ya idarə ilə kompleks şəkildə tapmağı tapşırarmış. Lalə Şövkət dövlət xadiminin missiyasını xalqa xidmətdə görür, O, özünü sadəcə siyasətçi kimi deyil, ana-dövlət xadimi kimi aparır, ilk növbədə maddi cəhətdən milyonlarla azimkanlı insanların maraqlarını müdafiə edir, ölkədə sosial ədalət, milli barış simvoluna çevrilir. O, dövlət başçısı H.Əliyevə Qarabağın azadlığı və milli barış naminə, "Sabiq prezidentlərin statusu" haqqında qanun qəbul etməyi, A.Mütəllibov və Ə.Elçibəylə barışmağı, onları Heydər Əliyevin andiçmə mərasiminə dəvət etməyi təklif edir. Hətta Ə.Elçibəyin arxasınca özünün getməsinə hazır olduğunu bildirir. Lalə Şövkət ümid edirdi ki, fəaliyyətdə olan dövlət başçısı ilə keçmiş prezidentlərin barışığı milli birliyin əsasının bünövrəsini qoyub Azərbaycan xalqını Qarabağın azadlığı uğrunda birləşdirib bizi qələbəyə aparan əsas amil ola bilər. H.Əliyevin barış razılığını alan Lalə Şövkət Ə.Elçibəyin yaşadığı Kələkiyə səfərə hazırlaşır, A.Mütəllibovun xanımının görüşə dəvəti barədə göstəriş verir, amma... barışa razılıq verdikdən bir neçə gün sonra H.Əliyev bu söhbətə bir daha qayıtmamağı tövsiyə edir. H. Əliyev Lalə Şövkətin barışıq təklifini qəbul etsəydi, bəlkə də xalqımız Qarabağı azad etmişdi. Ruhdan düşməyən Lalə Şövkət milli dialoq üçün əlindən gələni edir və siyasi partiya rəhbərlərinin H.Əliyevlə görüşünü təşkil edir. Bu son 10 ildə H.Əliyevin müxalifət liderləri ilə ilk və yeganə görüşü olur... Lalə Şövkət müxalifət daxilində də barışdırıcılıq missiyasını etdirir. Çox qısa bir müddətdə Lalə Şövkət yüksək dövlət postunda millətə xidmət etalonuna çevrilir. Dövlət katibi vəzifəyə təyin edildikdən dörd ay sonra prezident aparatının daxili istifadə üçün apardığı rəy sorğuları göstərirdi ki, vətəndaşların 75 faizi onun dövlət katibi vəzifəsində fəaliyyətini bəyənir, 19 faizi isə onu artıq prezident görmək istəyir. Prezident aparatına qəbula gələnlərə "niyə başqa vəzifəli şəxslərə müraciət etmirsiniz?" sualını verdikdə, "Mənim dövlət katibim varkən başqasına niyə müraciət etməliyəm" cavabını verirdilər. Onun köməkçilərindən biri xatırlayır ki, vaxtında qəbul edə bilmədiyi və problemi həllini tapmamış bir yaralı əsgəri Lalə Şövkət ona üç həftə axtardıb və nəhayət deyib: "Ya sabah o əsgəri tapıb, problemini həll edirsən, ya da ki, istefa ərizəni yazırsan. Unutma ki, o əsgər həm də sənin oturduğun kreslonu qoruyarkən yaralanıb". Onunla birgə işləmiş insanlardan "Lalə Şövkətlə işləmək nə deməkdir?" soruşduqda "tələbkarlıq katorqası və mənəvi cənnət" cavabını verirlər. Dövlət katibi Lalə Şövkət korrupsiyaya və rüşvətxorluğa qarşı qeyri-bərabər, barışmaz müharibə elan etmişdi. O, orduya, əsgərə münasibətdə, hərbi texnikanın alınmasında korrupsiya faktlarına xüsusi dözümsüzlük göstərirdi. Korrupsiyanın artıq dövlət siyasətinə çevriləcəyinin əlamətlərini gördükdə, o prezident qarşısında şərt qoyur: "Ya korrupsion siyasi kurs, ya mən!" Əqidə-yoxsa pul, əqidə-yoxsa vəzifə, əqidə-yoxsa şan-şöhrət seçimi qarşısında qalarkən həmişə əqidəni seçən Lalə Şövkət xalqa verdiyi sözə əməl edərək, vəzifəyə gəldikdən düz 5 ay sonra 14 dekabr 1993-cü ildə dövlət katibi vəzifəsindən istefa ərizəsini yazır: "...Bugünkü iqtidarda korrupsiyanın, səriştəsizliyin və mədəniyyətsizliyin parlaq təcəssümü olan Sizin yaxın ətrafınızla bundan sonra birgə işləməyim qeyri-mümkün olduğuna görə xahiş edirəm məni dövlət katibi vəzifəsindən azad edəsiniz... Məlum olduğu kimi, hakimiiyyətin ali eşelonu hər yerdə hər zaman dövlət üçün, millət üçün, xalq üçün etalon olub... Hakimiyyətin gücü onun mənəvi dövlət nüfuzunda, qazandığı ehtiramda, danılmaz ləyaqətindədir. Bu meyarı hələ heç kim ləğv etməyib... Mən Azərbaycanın yeni tarixində, onun dirçəlişində, tərəqqisində Sizin adınıza və xüsusi xilaskar rolunuza böyük ümid bəsləyirdim. Nəticələrini yaxın zamanda görəcəyiniz səhvlərdən Sizi qorumaq cəhdlərim hədər imiş... Mənim vicdanım Allah qarşısında, öz xalqımın qarşısında, tarix qarşısında və Sizin qarşınızda tam pakdır". Bu addımı ilə Lalə Şövkət göstərdi ki, dövlətdə birinci vəzifəli şəxs olmadan da korrupsiyayaya qarşı cihad aparmaq olar. Lakin, bunun üçün ilk növbədə gərək öz nəfsinə cihad elan etməyi bacarasan. Bu ərizə Azərbaycan tarixində görünməmiş bir hadisə mənəvi-siyasi manifestdir. Bu ərizə, daha doğrusu Qurban addımı ilə Lalə Şövkət Azərbaycana istefa mədəniyyəti, "mənəviyyatlı siyasət", "hakimiyyətin mənəvi dövlət gücü", "hakimiyyətin ləyaqəti" məfhumlarını gətirdi. Azərbaycanda ilk dəfə idi ki, yüksək dövlət postundan könüllü, təkidlə istefa verilirdi. Təsadüf deyil ki, hətta bugünkü iqtidardakı siyasi rəqiblər belə Lalə Şövkətin istefasının "mənəvi legitimliyini" tanımağa məcbur olurlar. Lalə Şövkət istefaya getdiyini bəyan etdikdən sonra prezident H.Əliyev siyasi təcrübəsində ilk dəfə olaraq tabeliyində olan vəzifəli şəxsin kabinetinə gəlmiş və 3 saat ərzində istefaya getməməyi xahiş etmişdir.Bütün bunlara baxmayaraq, Lalə Şövkət istefa ərizəsini ona təqdim edir. Lakin, bir aya yaxın H.Əliyev ona istefası ilə razılaşmır və nəhayət, 1994-cü il yanvarın 11-də Lalə Şövkəti Azərbaycanın BMT-də daimi nümayəndəsi vəzifəsinə keçməklə əlaqədar dövlət katibi vəzifəsindən azad edir. Lalə Şövkət istefaya gedəndən 3-4 gün sonra yaxınlarından birinə demişdi ki, "Məni Azərbaycanda 10 nəfər başa düşsə, özümü xoşbəxt sanaram". Indi Lalə Şövkət Azərbaycanda milyonlarla insanın düşüncəsində haqqaxtaranlıq rəmzinə, fədaisinə çevrilib. Bu Azərbaycan tarixində ilk sivil istefa və "mən vəzifəyə təyin etdiyim adamı ya mən işdən çıxarmalıyam, ya o ölməlidir" deyən H.Əliyevin siyasi rəhbərlik təcrübəsində onun iradəsindən kənar ilk sərəncam idi. BMT-yə daimi nümayəndə təyin olunmasına dair fərmanın 8 ay yarım qüvvədə qalmasına baxmayaraq Lalə Şövkət bu vəzifənin icrasına başlamır və ondan imtina edir. Lalə Şövkət: "Əgər mən bu rejimə qarşı etiraz olaraq yüksək dövlət postundan istefa vermişəmsə, onda mən necə bu rejimin BMT-də vəkili ola bilərəm. Bu məntiqsizlik və əqidəsizlik olardı". 1994-cü il sentyabrın 22-də H.Əliyevin BMT-də çıxışından bir neçə gün əvvəl o Lalə Şövkətin "başqa işə keçməsi ilə" əlaqədar icrasına başlanılmamış bu vəzifədən də azad edir. Bu Lalə Şövkətin H.Əliyev komandasında imtina etdiyi birinci və axırıncı vəzifə deyildi. 1993-cü ildə H.Əliyev prezident seçildikdən sonra deputat seçilərək Konstitusiyaya görə dövlətdə ikinci vəzifəni - Milli Məclisin sədri vəzəfəsini tutmağı Lalə Şövkətə təklif edir, o isə cavab verir ki, 1990-cı ildə qeyri-legitim saydığım parlamentin sədri ola bilmərəm. Dövlət katibi vəzifəsindən istefa verəndən sonra ona ayrı-ayrı nazir postları, Elmlər Akademiyasının prezidenti vəzifələri təklif edilir, Lakin, o bu vəzifələrdən də imtina edir. 1996-cı ildə Rəsul Quliyevin istefasından bir qədər əvvəl prezidentdən xəbər gətirilir: "Rəsul Quliyevi tənqid edirdi, indi AzTV-də 1 saat çıxış etsin, onu "vursun" və deputat seçilib, MM-in sədri vəzifəsini tutsun". Lalə Şövkət cavab göndərir: "Əvvəla, heç kimə icazə vermirəm ki, nə etmək barədə mənə göstəriş versin, ikincisi, mən R.Quliyevə bütün iradlarımı Sizin yanınızda üzünə demişəm və yıxılanı baltalamıram, nəhayət, (yarızarafat-yarıciddi) mənim 1 saatlıq çıxışımın siyasi dəyəri MM sədri yox, prezident postudur" (2000-ci il parlament seçkilərində Lalə Şövkətin 16-17 dəqiqəlik teleçıxışından sonra ALP 16-17 faiz səs aldı. Hər dəqiqəyə 1 faiz). Bundan sonra da Lalə Şövkətə yüksək dövlət postları tutmaq haqda H.Əliyev xəbər göndərir və hər dəfə təkliflərdən imtina edən Lalə Şövkətdən eyni cavabı alır: "1993-cü ildən bəri dəyişən nədir?" Maraqlıdır ki, Lalə Şövkətin istefasından sonra H.Əliyev dövlət katibi postuna heç kimi təyin etmədi və bu vəzifəni ləğv etdi. Lalə Şövkət 1995-ci ildə yaratdığı Azərbaycan Liberal Partiyasının Bərdə şəhərində konfransını keçirərək, onun sədri seçilmişdir. ALP Qarabağda təsis olunmuş ilk və yeganə partiyadır. Lalə Şövkət o zaman deyirdi: "Qarabağ torpağından bir qarış da qalsa Liberal partiya orada təsis olunacaq". Bu Lalə Şövkətin Qarabağın işğalına birmənalı münasibətidir. O, 1995-ci ildə Bakı şəhərinin Nizami rayonundan 90 faizdən çox səs alaraq Milli Məclisin deputatı seçilir, lakin total saxtakarlığın nəticəsində mandatdan məhrum edilir. BMT-nin Azərbaycanda o zamankı nümayəndəsi Mahmud əl-Səid dairə seçki komissiyasında rayon polis idarəsinin rəhbərliyi altında Lalə Şövktin bülletenlərinin məhv edilməsinin şəxsən şahidi olur, prezident H.Əliyevlə görüşüb, bu problemi müzakirə edir. Düz bir həftə həmin dairədə kimin deputat seçildiyi elan olunmur, iki protokol hazırlanır və dövlət başçısına təqdim olunur - birində Lalə Şövkətin, digərində - onun rəqibinin qalib gəldiyi göstərilir. Bu zaman Lalə Şövkətin H.Əliyevə zəng etməyi kifayət idi ki, onun qələbəsi rəsmiləşdirilsin. Bir həftə Nizami dairəsinin rəsmi seçkilərin nəticələri ləngidi. Lakin, ləyaqəti hər şeydən üstün tutan Lalə Şövkət həmişəki kimi əyilmədi. 1996-cı ildə Lissabon sammitindən sonra Lalə Şövkət Qarabağ probleminə dair 4 səhifəlik analitik bəyanatla çıxış etmiş və Azərbaycan rəhbərliyinin təslimçi siyasətini qətiyyətlə rədd etmişdir. Lalə Şövkət Qarabağı hakimiyyət uğrunda mübarizədə alver vasitəsinə çevirməyi ən böyük mənəviyyatsızlıq və vətənə xəyanət kimi qiymətləndirən liderdir. 1996-cı ilin noyabrında Lalə Şövkət Liberal partiyanın Ziyalılar Şurasının toplantısında "Ziyalılıq milli şüurun meyarıdır" mövzusunda çıxış edir və xalqın 90 faizinin səfalətdə yaşadığı halda hakim zümrənin eyş-işrət həyat tərzini öldürücü tənqidə məruz qoyur. 1998-ci ildə Lalə Şövkət Ə.Elçibəyin xahişini nəzərə alaraq Seçki Islahatları və Demokratik Seçkilər Uğrunda Hərəkata (SIDSUH) qoşulur. Prezidentliyə real namizədlər olan Ə.Elçibəylə, I.Ismayılovla, R.Quliyevlə, I.Qəmbərlə ("beşlər") ilk çoxtərəfli görüşdə o deyir: "Bizim siyasi həyatımız məcazi mənada 100 kilometrdirsə, biz onun 5 kilometrini bir yerdə getməliyik. Gəlin bu yolu kişi kimi mərdi-mərdanə gedək ki, sonra utanmayaq". Lalə Şövkət Əbülfəz Elçibəy siyasi münasibətlərində protokola, imzaya, möhürə ehtiyac olmur. "Lalə Şövkətin sözü möhürdür". "Beşlər" "Prezident seçkiləri haqda" Qanunun xeyli demokratikləşməsinə nail olurlar. Lakin, bəzi liderlərin müttəfiqə arxadan zərbəsini Lalə Şövkət qəbul etmir, "...mənəvi dayağı olmayan ağıl milli faciədir. Mənəviyyatsız siyasət abırsız millət yetişdirər!" bəyanatını verməyə və ALP SIDSUH-u tərk etməyə məcbur olur. 2000-ci il parlament seçkilərindən əvvəl bəzi siyasilər münnəcimlik edərək, ALP-nin seçkilərdə 1 faz səs alacağını söyləyirlər, öz qəzetlərində reytinqlərdə ALP-ni ən axırıncı pillələrində göstərirlər. Lalə Şövkətin 7-illik fasilədən sonra AzTV-də 16 dəqiqəlik çıxışından sonra Liberal partiya 2-ci yeri tutur, lakin total saxtakarlıq nəticəsində Milli məclisdən kənarda qalır. 2001-ci ilin fevralında Ermənistan-Azərbaycan müharibəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan üçün təslimçi, alçaldıcı "sülh təklifləri" dərc olunur. Növbəti dəfə öz maraqlarını milli maraqlara qurban verərək və siyasi karyerasını təhlükə altında qoyaraq, "torpaqsız sülh - kapitulyasiyadır", "təslimçi torpaqsız sülhdənsə, vətən uğrunda müharibə" deyən Lalə Şövkətin rəhbərlik etdiyi Liberal partiya icazəsiz mitinqdə "Ya Qarabağ, ya ölüm!" tələbini, şüarını ilk dəfə siyasi gündəliyə gətirir. Lalə Şövkətin ictimai rəyə təsirindən sonra qaçqın düşərgələrinə səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nümayəndələri qaçqınlardan "bizə rüsvayçı sülh yox, torpaq lazımdır" tələbini eşidir və Azərbaycan ictimaiyyətinin onların təkliflərini qəbul etmədiklərini etiraf edirlər. "Müharibə tərəfdarlarını bir avtobusa yığıb, göndərəcəm cəbhəyə" deyən dövlət başçısı, "Lalə Şövkəti müharibə təbliğatına görə cinayət məsuliyyətinə cəlb etmək lazımdır" deyən parlament sədri "xalq müharibə istəyir" deyirlər. Burada Lalə Şövkətin istefası haqqında bir Misir qəzetinin 1994-cü ildə yazdığı "Azərbaycan iqtidarında bir kişi var, o da qadındır" sözləri yada düşür. Azərbaycana istefa mədəniyyətini gətirən Lalə Şövkət 2003-cü ildə ölkənin siyasi tarixinə daha bir ləyaqət səhifəsi yazdı, daha bir yeni ənənənin təməlini qoydu. O, milli birliyi bu günkü dövrdə prioritet sayaraq və bu çağırış üçün mənəvi haqq qazanmaq üçün özü yaratdığı partiyanın sədr postundan istefa verdi. 7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında müraciətlə çıxış etmişdir: "& Əgər mənim üçün bu gün əsas prioritet milli barışıq, milli birlikdirsə, mən millətin bir hissəsi olan partiyanın adından yox, onun fövqündə durub müstəqil namizəd kimi bu seçkilərdə iştirak etməliyəm. Partiyaya sədrlik etmək istər-istəməz mənim fəaliyyətimi məhdudlaşdırır, firqələşdirir. Bu gün Azərbaycanda 120-yə qədər partiya mövcuddur. Onlardan 40-ı qeydiyyatdan keçib. Burada da biz ifratçılığa varmışıq. Lakin, YAP da daxil olmaqla bütün siyasi partiyaların üzvləri Azərbaycan əhalisinin yalnız 6-8 faizini təşkil edir. Yalnız müstəqil namizəd kimi mənim daha çox mənəvi haqqım var ki, hər cür ayrı-seçkiliyi rədd edərək iqtidarlı-müxalifətli, bütün milləti barışığa, birliyə çağırım. Və bununla millətimə daha da çox xidmət edim. Mənim komandam partiyam yox, bütün xalqımdır!". Liberal partiyanın qurultayınıda Lalə Şövkətin istefasına öz münasibətini bildirən Azərbaycan Ziyalılar Hərəkatının sədri çoxlarının ürəyindən keçən bir arzusunu açıqladı: "Indiyədək, Liberal partiyanın sədri Lalə Şövkət var idi, indisə Azərbaycan prezidentiliyinə namizəd xanım Lalə Şövkət Anatürk var". Azərbaycan prezidentliyinə namizəd Lalə Şövkət xanım müasir türk dünyasında dövlət başçılığına ilk qadın namizəddir. 10 il keçdikdə Lalə Şövkət deyəndə sadə insanlar "O, maaşı qaldırmadan, çörəyin qiymətinin qaldırılmasının əleyhinə idi" deyirlər, onun səngər səfərini yada salır, döyüş bölgəsindən geri çəkilən qoşunların əli silahlı komandirinə müraciət edərək, "...ordudan, kişidən qaçqın olarmı?" sualını, əlində qaşıq əsgər boşqabında "...hanı bu yeməyin əti?" sözlərilə ət axtarışını, əsgərin nəinki geyiminin, istirahət otağının, hətta ayaqyolunun vəziyətilə maraqlandığı səhnəni, qaçqınlarla görüşdə icra başçısına ünvanlanmış "...niyə bu qadın ac qalmalıdır? Əvvəlcə o yeməlidir, sonra sən&" sözləri, Ermənistana yanacaq satışını ifşa etməsini, Gürcüstanda təqiblərə məruz qalan azərbaycanlılara göstərdiyi qayğıları xatırlayırlar. Lalə Şövkətin ən müxtəlif problemlərə elmi baxışlar sistemi var. Dövlətin idarə edilməsinə o "obyektiv məlumat, qərar, icra və nəzarət" düsturu prizmasından yanaşır. Lalə Şövkət yerlibazlığı və tayfabazlığı mağara düşüncəsinin məhsulu və "kəndxuda təfəkkürlü siyasətçilərin işi" kimi rədd edir. O, maddi dünyadan hələ 12-13 yaşlarında, Kantın əsərlərilə tanış olduqdan sonra əl çəkmişdir. Elə buna görə də o mənəviyyatda, siyasətdə "bazar prinsiplərini" qəbul etmir. Asketdir. Məhz ifrat asketizm onu dövlət tərəfindən qanuni verilən mənzildən "qaçqınlar çadır şəhərciyində çürüyərkən, mən bir oğlumla 6-otaqlı evdə yaşaya bilmərəm, Allah onu başıma uçurar" sözlərilə imtina etməyə vadar edib. Lalə Şövkət hakimiyyətə "hakimiyyət naminə-hakimiyyət" prizmasından yox, "millət naminə-hakimiyyət" prizmasından baxır. Lalə Şövkət bütün siyasi kursunu "əvvəl mənəviyyat, sonra siyasət" prinsipi üzərində qurur, rəqibə münasibətini onun şəxsiyyəti üzərində yox, əməli üzərində qürur. "Siyasətdə qadın-kişi" sualına Lalə Şövkətin orijinal yanaşır: "Mən siyasətdə qadın-kişi tanımıram, mən siyasətdə kişilik bir də nakişilik tanıyıram"; "Kişilik xarakterdir, şalvar deyil" Lalə Şövkət son 10 ildə müstəqil siyasət yeridir, özünü "xərcləmir", xırdalamır, reklamı xoşlamır, çox az görünür. Lakin buna baxmayaraq, o həmişə diqqət mərkəzindədir. Cəmiyyət ən dramatik anlarda Lalə Şövkətin nə deyəcəyini gözləyir. Hörmətli seçici! Əgər sən korrupsionerlər və rüşvətxorlar ordusu tərəfindən talanmaq istəmirsənsə, ləyaqətlə yaşamaq istəyirsənsə yaxın 5 il ərzində ölkəni idarə etməyi professor Lalə Şövkətə etibar et, öz taleyini hər şeydən əvvəl qayğıkeş anaya, yüksək intellekt sahibi olan dövlət xadiminə, millət fədaisinə, Azərbaycan xalqının problemlərini dərk edən və həll etmək iqtidarında olan, prezident adına layiq olan bir şəxsiyyətə tapşır, yanılmazsan! Sən milləti özündən, öz mənafelərindən, öz həyatından üstün tutan, sevən, sənə ümid bəsləyən, səni qürurlu görmək istəyən, səni heç kimin yanında alçalmayan, ləyaqətli, güclü etmək istəyən namizədə səs ver. Lalə Şövkət 25 yaşında namizədlik dissertasiyasını müdafiə edərək Sovet Ittifaqında ən gənc cərah-alim olub, 37 yaşında Sovet Ittifaqında səhiyyənin təşkili və idarəsi sahəsində ən gənc elmlər doktoru olub. Lalə Şövkət dünyada birinci qadın dövlət katibi olub. Azərbaycan tarixində istefa mədəniyyəti gətirmiş birinci dövlət xadimi olub, müstəqil Azərbaycan tarixində birinci qadın səfir olub. Prezidentin Fərmanı qüvvədə 8 ay qalmasına baxmayaraq Azərbaycanın BMT-də səlahiyyətli nümayyəndəsi vəzifəsinin icrasından əqidəsinə görə imtina edən dünya tarixində analoqu olmayan belə addımı atan birinci dövlət xadimi olub. Lalə Şövkət Azərbaycanda prezidentliyə namizəd kimi özünün yaratdığı partiyadan istefa verən birinci və yeganə siyasi liderdir. Lalə Şövkət Türk dünyasında və Orta Şərqdə prezidentliyə namizəd birinci qadındır, və, Inşallah, ümid edirik ki, Türk dünyasında birinci qadın-prezident olacaq. |
Azad Azərli |